Astanada “Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda keçirilən dünya dini liderlərinin VI qurultayı başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti qurultayda iştirak edib.

Plenar iclaslarda “Sülh manifesti. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, “Din və qloballaşma: çağırışlar və cavablar”, “Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” mövzularında müzakirələr aparılıb.

İclaslarda, həmçinin geosiyasətdə dini amil, din və siyasət: qarşılıqlı və davamlı əməkdaşlıq, dəyişən geosiyasətdə müasir dini liderlərin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qurultayda Dini Liderlərin Konfessiyalar və Sivilizasiyalar Dialoquna dair Nazarbayev Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzin yaradılmasında məqsəd dini liderlərin əməkdaşlığını daha da fəallaşdırmaqdır.