“Əsgərlər unudulanda ölürlər” sənədli filminin çəkilişləri yekunlaşıb. Ekran əsərində 1920-ci ildə Azərbaycana təcavüz etmiş XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən önündən çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir.
Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılıb. ARB “Aranfilm” Kino Mərkəzində hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Tamaşaçılar filmdə bir əsrdir Azərbaycan xalqından gizlədilən tarixi həqiqətləri öyrənməklə yanaşı, bir çox sənədli materiallardan da xəbərdar olacaqlar.