Stendimizdə Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 10-da Almaniyanın Frankfurt-Mayn şəhərində 70-ci Frankfurt kitab yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.
Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti ilə bağlı 490 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.
Sərginin açılış günündə Mədəniyyət Nazirliyi, ölkəmizin Almaniyadakı səfirliyi, Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun, türkiyəli tanınmış tarixçi İlber Ortaylı, Azərbaycanın Almaniyanın Baden-Vüttenberq əyalətindəki fəxri konsulu Otto Hauser, “Bellmann” musiqi nəşriyyatının rəhbəri Michael Bellmann, digər qonaqlar iştirak ediblər.
Bəstəkarın yubileyi münasibətilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 100 illik yubileyin əhəmiyyətindən danışıb, bununla əlaqədar ölkə başçısının sərəncam imzaladığını, 2018-ci ilin Azərbaycanda “Cümhuriyyət ili” elan edildiyini, il ərzində ölkəmizdə və xaricdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Vaqif Əliyev, həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən Qara Qarayevin 100 illiyinin qeyd edildiyini vurğulayıb, böyük bəstəkarın bənzərsiz sənət dünyasından söhbət açıb. Yubiley münasibətilə Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” adlı kitab və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan, ingilis və rus dillərində hazırladığı oçerk kitabının dahi bəstəkarın irsinin öyrənilməsi və dünyada təbliği işinə töhfə verəcəyi bildirilib.
Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.
Avropa Əməkdaşlıq Forumunun sədri Samirə Patzer-İsmayılova Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” kitabının ərsəyə gəlməsindən danışıb, Azərbaycan mədəni irsinin Avropa ölkələrində təbliğində kitabın nəşrinin önəmli addım olduğunu qeyd edib.
Tədbirin sonunda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə hədiyyə nəşrləri təqdim edib.
Təqdimatda Milli Kitabxana tərəfindən nəşr edilmiş “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabı və kitabxananın hazırladığı dahi bəstəkarın bütün əsərlərini əhatə edən 5 disk tədbir iştirakçılarına paylanılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masada müzakirələrlə davam etdirilən mərasimdə Almaniyada yaşayan, Alman-Azərbaycan ədəbiyyatını təbliğ edən naşir, yazar və ədəbiyyatşünasların çıxışları dinlənilib.
Qeyd edək ki, oktyabrın 11-də yarmarkadakı stendimizdə almaniyalı publisist, tərcüməçi Hayke Maria Yohenningin müəllifi olduğu “Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər” (“Architecture guide to Baku: a city like a carpet”) kitabının təqdimat mərasimi olub. 12 oktyabrda milli pavilyonda azərbaycanlı və alman tələbələrin iştirakı ilə “Azərbaycan mədəni irsi və onun dünyaya tanıdılması” mövzusunda müzakirə nəzərdə tutulub.
Frankfurt kitab yarmarkası oktyabrın 14-dək davam edəcək.