Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən danışıblar. Görkəmli alim və yazıçının vaxtilə Gədəbəy rayonunda pedaqoji fəaliyyət göstərdiyi qeyd olunub.

Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev Mir Cəlalın “Maarif yolunda” kitabından bəhs edib. Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, filologiya elmləri doktoru Yaqub Babayev alimin fəaliyyəti barədə söz açıb.

Daha sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin 1 saylı tam orta məktəbdə yerləşən muzeyini ziyarət ediblər. Məktəbdə Azərbaycan mədəniyyətinə həsr olunmuş “açıq dərs”, məktəblilər arasında müsabiqə keçirilib.

* * *

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Məmməd Arazın 85 illik yubileyi münasibətilə şagirdlər arasında şairin şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirmək üçün “Azərbaycan – dünyam mənim” adlı şeir müsabiqəsi təşkil edilib.

Tədbirdə multimedia mütəxəssisi Səbinə Qasımova və Gənclər kitabxanasının müdiri Sona Eminova Məmməd Arazın yaradıcılığından söz açıblar.

Sonra 12, 18, 31 və 38 saylı tam orta məktəblərin şagirdlərinin iştirakı ilə qiraət müsabiqəsi keçirilib. Qaliblərə müsabiqə təşkilatçılarının fəxri fərman və hədiyyələri təqdim edilib.

Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva tədbirin ərsəyə gəlməsində yaxından köməyi olan məktəblərin kitabxanaçılarına təşəkkürünü bildirib.

* * *

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında “Sözün Məmməd Araz dünyası” adlı ədəbi-bədii gecə keçirilib.

MKS-nin direktoru Solmaz Babanlı Xalq şairi Məmməd Arazın ömür yolu haqqında məlumat verib. Kitabxananın şöbə müdiri Fatma Hüseynovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının və rayon məktəblilərinin ifasında şairin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar ifa edilib.