ABŞ məhkəməsi eradan əvvəl 330-cu ilədək mövcud olmuş Əhəməni dövlətinə aid olan barelyefin İrana qaytarılması haqqında qərar çıxarıb. Barelyefdə Əhəməni əsgərinin baş hissəsi əks olunub.
İranın BMT yanındakı daimi nümayəndəsi Qulaməli Xoşru barelyefin Nyu-York hərracında 1 milyon 200 min dollara satılmasını bildikdən sonra məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, tarixi barelyef 1936-cı ildə İrandan oğurlanaraq qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb və Monreal muzeyinə satılıb. 2011-ci ildə isə Böyük Britaniya vətəndaşı Rupet Uels barelyefi Monreal muzeyini sığortalayan şirkətdən satın alıb və Nyu-York antikvar əşyalar hərracında satmaq istəyib. Nyu-York hərracı barelyefi 2018-ci ildə satışa çıxarıb.
İran ərazisində mövcud olmuş Əhəməni dövləti və onun paytaxtı Persapolis şəhəri Makedoniyalı İsgəndərin hərbi yürüşü zamanı süquta uğradılıb.