Noyabrın 26-da Rusiya Dövlət Akademik Böyük Teatrında “Verdi Qala” konsert proqramı təqdim ediləcək.

Konsertdə məşhur opera cütlüyü – Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcəklər.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan səhnə obrazları yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri musiqisevərlər arasında bestsellerə çevrilib.

Musiqi karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda opera müğənniləri müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

ABŞ müğənnisi Dolora Zadjik (metso-soprano) və Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) isə “Verdi Qala” konsertinin xüsusi qonağı olacaqlar.