Nə vaxtsa fərqinə varmısınız ki, teatr mövsümü ilə tədris ili təxminən eyni vaxtda, eyni ayda başlayır? Əslində, teatr da məktəbdir. Başqasının həyatını seyr etməklə insanlara yaşam dərsi verən məktəb. Oxumaqla proqramı bitməyən məktəblərdən biri – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu teatr mövsümündən öz fəaliyyətinə “Sinif yoldaşları” ilə davam edir.

Bəli, məhz davam edəcək! Çünki yeni tamaşanın uzunömürlü olacağına əminik! Nədən?

O səbəbdən ki, müasir rus yazıçı-dramaturqu Yuri Polyakovun bu əsərinin mövzusu nəinki günümüzlə səsləşir, həm də demək olar ki, kapitalizm bir ictimai-siyasi formasiya kimi dünyada tam qələbə çalandan bəri əbədi sayıla bilər.

O səbəbdən ki, bu tamaşada teatrda çalışan həm zahiri görkəminə, həm də istedadına görə seçilən gözəl aktrisalar rol alıblar: Xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, gənc aktrisa İlahə Həsənova.

O səbəbdən ki, bu pyesi seyr etməyə gələnlər səhnədə teatrın istedadlı və xarizmatik aktyorlarını əsas rollarda görəcəklər: xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Əməkdar artist Füzuli Hüseynov, seriallardan tanıdığınız gənc aktyor Ziya Ağa və başqaları.

O səbəbdən ki, “Sinif yoldaşları”na görkəmli teatr rejissoru, Xalq artisti Azərpaşa Nemətov quruluş verib, tamaşaya musiqini də Xalq artisti Siyavuş Kərimi bəstələyib.

Əgər bu izahlardan sonra da teatrsevər yenə də sual edir ki, mən bu tamaşaya niyə baxmalıyam, məxsusi onun üçün sözümüzə davam edirik.

Təsəvvür edin ki, on il bir sinifdə oxuduğunuz uşaqlıq dostlarınızı illərdir ki, görmürsünüz. Amma indi Vaneçkanın 40 yaşının qeyd edilməsi bir bəhanədir ki, hamı bir yerə yığışsın. Bəs sıradan olmayan bu ad günündə nələr baş verməlidir ki, bir zaman Vaneçkanı sevdiyinə görə Viktorun məhəbbətini cavabsız qoymuş, amma başqasına ərə getmiş Sveta kimi abırlı ədəbiyyat müəlliməsi yad kişilərin qarşısında soyunsun? Niyə bütün sinif yoldaşları sanki kilsəyə gəliblərmişlər kimi, ürək sirlərini İvan Kastromitinə etibar etsinlər? Nəhayət, qızının həyatı təhlükə altında olan Sveta illərlə gizlətdiyi sirri açsın?

Əgər bu sualların cavabını da bilmək istəyiniz varsa, gələn həftənin şənbə günü axşama başqa heç nə planlamayın: çünki oktyabrın 13-də saat 19-da Milli Dram Teatrında “Sinif yoldaşları” səhnəyə çıxacaq.

Gülcahan MİRMƏMMƏD