Türk dünyası sənədli filmlər festivalına yekun vurulub

İstanbulda III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.

Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Səkkiz ölkə, səkkiz şəhər!” devizi altında keçirilən festivalın münsiflər heyətinə görkəmli Azərbaycan kinorejissoru Vaqif Mustafayev sədrlik edib. Festivala 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar, 12 tələbə tərəfindən çəkilmiş 24 film seçilib.

Mərasimdə Türk Dünyası Qəzetçilər Federasiyasının sədri Menderes Demir çıxış edərək festivalın məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, münsiflər heyəti tərəfindən qaliblərin seçilməsində peşəkarlıq və ədalətli yanaşma əsas meyar olub.

Çıxışında indiyədək müxtəlif ölkələrdə keçirilən festivallarda münsif olduğunu diqqətə çatdıran kinorejissor Vaqif Mustafayev ilk dəfə türk dünyasının festivalında iştirak etdiyini deyib. O, layihənin əhəmiyyətini yüksək qiymətləndirib, münsiflərin seçdiyi filmlərin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inandığını bildirib.

Daha sonra Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Heydər” bədii filmindən videoçarx nümayiş etdirilib, kinorejissorun bioqrafiyası təqdim olunub.

Mərasim qaliblərin mükafatlandırılması ilə başa çatıb. Məlumat verilib ki, qalib seçilən filmlər Bakı, İstanbul, Lefkoşa, Bişkek, Daşkənd, Skopye, Sarayevo, Almatı şəhərlərində nümayiş olunacaq.

Mərasim çərçivəsində, həmçinin türk dünyasının tarixini, mədəniyyətini, adət-ənənələrini, problemlərini əks etdirən fotosərgi nümayiş etdirilib. Sərgidə Xocalı soyqırımı ilə bağlı fotolar da yer alıb.