Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Prezident İlham Əliyevin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” sərəncamına uyğun olaraq reallaşacaq.
Energetiklər şəhəri Mingəçevirin təməli 1954-cü ildə burada, Kür çayı üzərində Mingəçevir SES-in istifadəyə verilməsi ilə qoyulub. 14 il sonra, 1968-ci ildə şəhərdə Dövlət Dram Teatrı yaradılıb. Sənət ocağı 1969-cu il martın 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlayıb.
Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olub. Bu illər ərzində sənət ocağının yaradıcı kollektivi dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb.
Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı ölkəmizin hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Yaradıcı kollektiv respublikamızın əksər şəhər və rayonları ilə bərabər, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrə qastrol səfərləri edib, yerli və beynəlxalq festivalların iştirakçısı olub.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin qərarı ilə Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulan Hüseyn Cavidin “Ana” əsəri klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl dərviş” mükafatına layiq görülüb.