“Axınla üzü aşağı”ya start verilib, “Motivlər...”ə isə hazırlıq görülür
   
   Yay fəsli özü ilə istirahət gətirir. Lakin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırda işlərin qızğın çağıdır. Kinostudiyada “Axınla üzü aşağı” yeni bədii filminin çəkilişləri başlanıb. Bir neçə filmin çəkilişinə isə hazırlıq gedir.
  
 
   “Azərbaycanfilm”in direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov bizimlə söhbətində bildirdi ki, iyunun 16-dan etibarən Mingəçevir şəhərində “Axınla üzü aşağı” bədii filminin çəkilişlərinə start verilib. Çəkilişlərə alman mütəxəssislər də cəlb olunub: “Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir. Ailə-məişət mövzusunda çox gözəl ssenarisi olan bir filmdir. Rolları Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar oynayırlar”.
   Müşfiq Hətəmov Prodüserlər Gildiyasının elan etdiyi və bu yaxınlarda yekun vurulan “Geniş baxış” müsabiqəsinin qalib ssenariləri üzrə çəkilişlərə hazırlıq getdiyini də dedi. Xatırladaq ki, müsabiqədə “Adari Films” prodakşn şirkətinin “Motivlər...” layihəsi qalib elan olunub. Layihə altı rejissorun (Teymur İsmayılov, Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov, Vüqar İslamzadə, Elmar İmanov) qısametrajlı filmlərdən ibarət kinoalmanaxdır.
   Bu günlərdə isə “Azərbaycanfilm” kinostudiyası Xəzər dənizi mövzusunda tammetrajlı film layihəsi üzrə müsabiqə elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası və xarici prodüserlərin əməkdaşlıq layihəsidir. Direktor bildirdi ki, sentyabr ayında layihə ilə əlaqədar xarici prodüserlər şəhərimizdə qonaq olacaqlar.
   İyulun 17-dən 19-dək isə Amerikanın məşhur şirkətlərinin nümayəndə heyəti Azərbaycana gələcək: “Onlar öz layihələrini təklif edəcəklər. Müştərək şəkildə həyata keçiriləcək layihədə üç ölkə - Azərbaycan, Türkiyə, ABŞ iştirak edəcək. Çalışacağıq ki, maraqlarımız bir-birini tamamlasın”.
   
   Lalə Azəri