Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 12-13 oktyabr tarixində MDB-nin Mədəni əməkdaşlıq üzrə Şurasının 33-cü iclası keçirilib.
Tədbirdə iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün əsas tədbirləri və MDB-də “Mədəniyyət ili”nə həsr olunmuş Tədbirlər Planının icra vəziyyətləri haqqında hesabatların dinlənilməsi, “Birliyin mədəniyyət paytaxtları” Dövlətlərarası proqramının icra vəziyyəti, MDB çərçivəsində kinematoqrafiya sahəsində qüvvədə olan beynəlxalq müqavilə və qərarların analizinin nəticələri nəzərdən keçirilib. Həmçinin MDB ölkələrinin muzey işi sahəsində əməkdaşlıq sazişi layihəsinin hazırlanması istiqamətində görülmüş işlər, MDB-də “Mədəniyyət ili” (2018) və “Kitab ili” (2019) çərçivəsində iştirakçı ölkələrin müasir müəlliflərinin bədii kitablarının səyyar sərgisinin təşkil edilməsi haqqında layihənin hazırlanması, icrası və digər məsələlər müzakirə olunub.
İclasda Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib. O, iclasda çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, iclasdan əvvəl Vaqif Əliyev ilə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov arasında görüş keçirilib. MDB iştirakçı dövlətlərinin parlamentləri arasında əməkdaşlıq, nümayəndəliyin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub.