Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında 2016-cı il Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir və xatirəsinə həsr olunmuş “Mən səninləyəm, ana vətən” adlı filmin təqdimatı keçirilib.

Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə keçən tədbirdə filmin prodüseri Xəqani Haşımov çəkiliş prosesi haqqında məlumat verib.

Filmin nümayişindən sonra şəhər icra başçısının birinci müavini Teymur Səmədov çıxış edib. Bildirib ki, şəhidlər xalqın qəlbində əbədi yaşayırlar.

Şəhid polkovnik Raqub Orucovun xanımı Sevinc Ağazadə şəhid ailələrinin mətin və mübariz olmasının vacibliyini bildirib. Qeyd edib ki, biz gözyaşımızı silməli, Azərbaycana yeni qəhrəmanlar nəsli yetişdirməliyik.

Gənc müğənnilər İbrahim Fərzəliyev və İlkin Əlizadənin ifasında vətənpərvərlik ruhlu mahnılar səslənib. Sumqayıt teatrının rəssamı Nizami Dadaşov Əbdülməcid Axundova həsr etdiyi portreti şəhidin anası Ceyran Axundovaya təqdim edib.

Sonda Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

* * *

Ağdaş Regional Mədəniyyət İdarəsində Şura iclası keçirilib. Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin də qatıldığı iclasda idarənin rəisi Tahir Əliyev görülmüş və nəzərdə tutulmuş işlər barədə məruzə ilə çıxış edib. O, həmçinin Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini-Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov və Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərlinin iştirakı ilə idarədə keçirilən monitorinq zamanı səslənən irad və tövsiyələrin icrası barədə məlumat verib.

İdarə rəisi mədəniyyət müəssisələrində olan ödənişli və ödənişsiz xidmətlərdən danışaraq qeyd edib ki, mədəniyyət evləri, klub, kitabxana və digər müəssisələrdə dərnək və xidmətlərin sayı artırılmalı, onların təbliğatı aparılmalıdır.

Sonra idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.

* * *

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir şəhərindəki Aran regional şöbəsində Xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə Poeziya günü keçirilib.

Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı,  rayonun Köhnəbazar kənd məktəbinin müəllimi Yadigar Təvəkkül çıxış edərək M.Arazın Azərbaycan ədəbiyyatında yerindən, yaradıcılığının özəlliklərindən danışıblar.

Şagirdlər şairin əsərlərindən seçmələr səsləndiriblər. Kürdəmir rayon MKS-nin əməkdaşı, bədii qiraətçi Ərəstun Sadıqov şairin lirik şeirlərini söyləyib.

Tədbirin sonunda şairin əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılıblar.