“British Council Azerbaijan” təşkilatı, “YARAT” Müasir İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə “Unlimited” (qeyri-məhdud) proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanları “YARAT”da bir araya gətirib.
Təlimlər teatr dizayneri və mühazirəçi Karin Çapman Klark tərəfindən aparılıb. Layihənin əsas məqsədi fərqli teatr texnikaları, nəqletmə və improvizasiya formalarından istifadə edərək əlilliyi olan və əlilliyi olmayan ifaçılara səslərini eşitdirmək və özlərini göstərmə imkanı verməkdən ibarətdir.
Təlimlər 8-10 və 11-15 oktyabr olmaqla iki mərhələdə gerçəkləşib. İştirakçılar birinci mərhələdə nəqletmə və obraz yaratma metodlarını təkmilləşdirərək qısa forum-teatr tamaşasını hazırlamağın və ictimai forum sessiyasını təşkil etməyin qaydası ilə tanış olublar. Beşgünlük təlim-seminarlar isə müxtəlif sosial məsələlərlə əlaqədar problemləri aradan qaldırmaq üçün interaktiv teatr texnikalarından istifadə etməyin qaydasını öyrənmək istəyən peşəkar və qeyri-peşəkar aktyorlar üçün nəzərdə tutulub.
“British Coincil Azerbaijan” təşkilatı “Unlimited” proqramı çərçivəsində Azərbaycanda əlilliyi olan insanların iştirak etdiyi incəsənət layihələrini dəstəkləməyə davam edir. “Unlimited” incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və kimliyindən, fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır.