Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Mahaçqalada keçirilən Şimali Qafqaz, Qara dəniz – Xəzər regionu V Beynəlxalq rus teatrları festivalında iştirak edib.
Kollektiv festivalın bağlanış mərasimində fəxri qonaq qismində Xalq yazıçısı Elçinin əsəri əsasında Xalq artisti, rejissor İnarə Tağızadənin quruluş verdiyi “Sənətkarın taleyi” tamaşasını nümayiş etdirib. Görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin taleyindən və XX əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələri özündə əks etdirən tamaşa alqışlarla qarşılanıb. Səhnə əsərində Hüseyn Ərəblinski obrazını Əməkdar artist Firdovsi Atakişiyev yaradıb.
Digər rolları Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Fuad Osmanov, aktyorlar Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Yaroslav Trifonov və başqaları oynayır.
Tamaşanın rejissor işi və aktyor oyunu festivalın münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev və rejissor İranə Tağızadə fəxri diplom, festivalın xatirə simvolu və Dağıstan Respublikasının minnətdarlıq məktubu ilə mükafatlandırılıblar.
Qeyd edək ki, festivala Albaniya, Gürcüstan və digər ölkələrdən teatr kollektivləri qatılıb.