Xalq artisti İlham Əsgərovun 60 illiyi qeyd olundu
Sənət adamları var ki, sadəcə, özləri üçün yaşayıb unudulurlar. Amma insanlar da var ki, həyatda çox yaşamırlar, ancaq dərin iz qoyur, heç vaxt unudulmurlar. İlham Əsgərov belə sənətkarlardan idi. O, fikirləri, əməlləri, əxlaqı ilə yaddaşlarda qalıb. O, təkcə teatrda və filmlərdə oynadığı rolları ilə deyil, eyni zamanda öz səsinin qüdrəti ilə bədii qiraətçi kimi də tamaşaçıların sevgisini qazanmışdı.
Bu fikirlər oktyabrın 11-də Akademik Milli Dram Teatrında mərhum aktyor, Xalq artisti İlham Əsgərovun 60 illiyinə həsr olunan tədbirə qatılanların hər birinin qəlbindən gələn səmimi sözlər idi. 35 il səhnəsində ağlayıb-güldüyü, sevə-sevə obrazlar yaratdığı doğma teatrı bu gün onun xatirəsinin işığına qərq olmuşdu.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə ərsəyə gəlmişdi. İştirakçılar əvvəlcə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. İlham Əsgərov ömrünün ən yaddaqalan və xoşbəxt anları donmuşdu bu rəsmlərdə.
Bu arada teatrın foyesini aktyorun gur, sevgi dolu səsi ağuşuna alır. Vaxtilə dövlət tədbirlərində səsləndirdiyi vətən haqqında şeir salona yayılır və tədbirə qatılanların hüzn və sevgi dolu alqışları aktyorun ünvanına səslənir.
Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov unudulmaz sənətkarın yaradıcılığından, ömür yolundan söz açdı. Bildirdi ki, İlham Əsgərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirərək 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Xalq artisti Hacı İsmayılov sənətkarla bağlı xatirələrini bölüşdü: “İlhamın işıqlı xatirəsi daim bizimlədir. O, cəmi 57 il ömür yaşasa da, sənətdə öz imzasını, dəst-xəttini qoyub getdi. Səhnədə çoxsaylı qəhrəmanlar yaradan İlham bu obrazların hər birinə öz nəfəsini vermişdi”.
Xalq artistləri Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Səidə Quliyeva və başqaları aktyorun Azərbaycan teatrının inkişafında xidmətlərindən danışıb xatirələrini dilə gətirdilər. Aktyoru yaxşı dost, saf insan kimi xarakterizə edən natiqlər onun həm də Azərbaycan ədəbiyyatının gözəl təbliğatçısı olduğunu vurğuladılar. Qeyd olundu ki, “Bulaq” verilişinin 28 ili İlham Əsgərovun adı ilə bağlıdır.
Hər çıxışdan sonra aktyorun rol aldığı tamaşalardan fraqmentlər, səsində bədii qiraət nümunələri təqdim olunurdu.
Sonda sənətkarın həyat yoldaşı Yeganə Əsgərova aktyorun xatirəsinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrına təşəkkürünü bildirdi. Qeyd etdi ki, İlham Əsgərov xatırlananda ürəyim, gözlərim gülür: “Səsi ürəklərə yatan, sevilən aktyor idi” kimi fikirləri eşitdikcə onun daim yaşadığını hiss edirik. Onun xatirəsini yaşadan sənət dostlarına və teatra ailəmiz adından minnətdarıq”.
* * *
Həzin, sevgi dolu xatirələrdən sonra yazıçı-diplomat Həsən Həsənovun əsəri əsasında hazırlanan “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olundu. Çağımızla səsləşən tamaşada M.F.Axundzadənin obrazını vaxtilə Xalq artisti İlham Əsgərov canlandırmışdı. İkihissəli dramın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edirdi.
Qeyd edək ki, İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Ekran və səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Bədii qiraətçi kimi də tanınan aktyor uzun illər Azərbaycan Radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biri kimi dinləyicilərin rəğbətini qazanıb. Sənətkar 6 sentyabr 2015-ci ildə vəfat edib.
Lalə AZƏRİ