Türk dünyasının sənədli filmləri Azərbaycan paytaxtında nümayiş olundu
Xəbər verdiyimiz kimi, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İstanbulda “Səkkiz ölkə, səkkiz şəhər!” devizi altında keçirilən III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib. Münsiflər heyətinə Azərbaycan kinorejissoru, Xalq artisti Vaqif Mustafayevin sədrlik etdiyi festivala səkkiz ölkədən təqdim edilən 140 ekran əsərindən 12-si qalib elan edilmişdi. Filmlərin Bakı, İstanbul, Lefkoşa, Bişkek, Daşkənd, Skopye, Sarayevo və Almatı şəhərlərində nümayiş olunması qərara alınıb.
Oktyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində festivalın qalib filmlərinin təqdimatı keçirildi.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova türk mədəniyyətini, sənətini, milli-mənəvi dəyərlərini təbliğ edən festivalın əhəmiyyətindən söz açdı. İlk dəfə olaraq festivalda universitetin tələbələrinin iştirakını yüksək dəyərləndirən rektor layihənin davamlı olmasını arzuladı.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral qeyd etdi ki, türk xalqlarının əksəriyyəti sovetlər birliyində bir-birindən ayrı qalsa da, öz qardaşlığını və dostluğunu unutmayıb: “Aramızdakı məhəbbəti daha da gücləndirmək üçün çox işlər görməliyik. Bu il üçüncü dəfə keçirilən festival bunun gözəl nümunəsidir. Çünki kino hər bir ölkənin, onun nümayəndələrinin bir-birini tanıması üçün ən ideal vasitədir. Üç ildir ki, bu festivalda birlikdəyik və bundan sonra da iştirak edəcəyik”.
Türk Dünyası Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir festivalın məqsəd və vəzifələrindən danışdı. Bildirdi ki, festivala göndərilən filmlər türk coğrafiyasının keçmişinə və bu gününə işıq salır. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr, Makedoniya və Bosniya Herseqovinadan təqdim olunan filmlərin məqsədi türk dünyasının analarını, türk qadınının mətinliyini, eyni zamanda türkdilli ölkələrin mətbəxlərindən gündəlik yaşamına qədər olan incəlikləri nümayiş etdirməkdir. Filmlərdə türk dünyasının milli adət-ənənələri, keçmişi, azadlıq uğrunda mücadiləsi və tarixi şəxsiyyətləri əksini tapıb.
M.Dəmir təşkilat komitəsi adından Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə, Kino-televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədliyə və tədbirin koordinatoru Sürəyya Əzizovaya təşəkkürünü bildirdi.
Sonra III Türk Dünyası Sənədli Film Festivalının qalib filmləri nümayiş olundu.
Lalə AZƏRİ