Böyük Britaniya paytaxtında ənənəvi film festivalı keçirilir. 10 oktyabrda başlanan və ayın 21-dək davam edəcək 62-ci London kinofestivalına 67 ölkədən 243 bədii və sənədli film təqdim olunub.
Budəfəki festivalın əsas xüsusiyyəti ondan ibarətdir ki, filmlərin əksəriyyətinin rejissorları və baş qəhrəmanları qadınlardır. Britaniyalı aktrisa Kira Naytli yazıçı Kolett rolunu ifa edib. XX əsr fransız ədəbiyyatının klassiki haqqında eyniadlı bioqrafik filmi britaniyalı Uoş Uestmorlend çəkib. Karyerasına öz əri, yazıçı və jurnalist Anri Qotye-Vilların “ədəbi zəncisi” kimi başlayan Sidoni-Qabriel Kolett müstəqil şəxsiyyətə çevrilmək istəyi ilə ərindən boşanır və uğur qazanır. Rejissor Stiv Makkuinin “Dul qadınlar” kriminal dramı isə uğursuz basqın zamanı həlak olmuş dörd qarətçinin arvadlarından bəhs edir.
Festivalın əsas müsabiqəsinin münsiflər heyətinə irlandiyalı rejissor Lenni Abrahamson rəhbərlik edir.
London kinofestivalının baş mükafatı – “Sazerlend Trofi” ən orijinal debüt filmlərə təqdim edilir.