Çinin paytaxtı Pekində Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclası keçirilir. “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçirilən iclasa 40-dan çox ölkədən rəsmilər, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları qatılıb.
Azərbaycanı forumda Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Baş nazirin müavini tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan-Çin münasibətlərinin böyük tarixi olduğunu diqqətə çatdıran Əli Əhmədov deyib ki, ölkəmiz əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyət verir, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyərək onun icrasına töhfə verməyə hazırdır. Tayhu Forumunun əhəmiyyətini qeyd edən Baş nazirin müavini deyib ki, birgə xoşbəxt gələcəyin qurulması hər kəsi düşündürən məsələ olmalıdır.
Forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr aparılır.
Forumun liderlər panelində çıxış edən Əli Əhmədov Azərbaycanın iqtisadi inkişafından, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun dərinləşməsi ilə bağlı gördüyü işlərdən danışıb, bu istiqamətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirləri qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə icra olunan irimiqyaslı enerji və nəqliyyat layihələri, o cümlədən Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars layihəsi ölkəmizin regional və beynəlxalq əməkdaşlığa verdiyi böyük töhfələrdəndir.
Baş nazirin müavini Çin təbabəti mədəniyyətinin inkişafı ilə bağlı bölmə iclasında da çıxış edib, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, müasir dövrdə iki ölkənin münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində inkişafından danışıb.
Azərbaycan nümayəndə heyətinin digər üzvləri də iclasın müxtəlif mövzularda bölmə iclaslarında məruzəçi qismində çıxış ediblər.
Nümayəndə heyəti Pekində İmperator sarayı (Ququn sarayı) və Saray muzeyi ilə tanış olub.
Qeyd edək ki, əsası 2008-ci ildə qoyulan Tayhu mədəniyyəti forumunun illik toplantısı Çin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “China Daily” qəzeti tərəfindən təşkil edilib.