Oktyabrın 25-26-da keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar media təmsilçiləri üçün brifinq təşkil edilib.
Mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Forumla bağlı təşkilati məsələlərin artıq yekunlaşdığını deyib. Qeyd edib ki, bu Forumda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Budəfəki Forumda da həmin ənənə davam etdirilir.
Vasif Eyvazzadə deyib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.
Diqqətə çatdırılıb ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 24 beynəlxalq təşkilatı və 97 ölkəni təmsil edən təxminən 580 nəfər nümayəndə iştirak edəcək.