Beynəlxalq muzey ekspertləri paytaxtımızda gördükləri barədə təəssüratlarını bölüşüblər
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki qurumunun – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (İCDAD) və Tarixi ev-muzeyləri üzrə (DEMHİST) beynəlxalq komitələrinin “Dekorativ sənət və interyer” adlı konfransı keçirilib. Tədbirə qatılan bir sıra xarici ölkələrin nümayəndələri təəssüratlarını bölüşüblər.
İCOM-un Tarixi ev-muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfərdən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olmağından məmnunluğunu qeyd edən qonaq Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”, - deyə o bildirib.
Bakının digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən E.Rodrigez şəhərimizi bəyəndiyini deyib: “İçərişəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir. Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”.
Ölkəmizə ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurası Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsi idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan buraya gəlmək arzusunda idim. “Ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı və digər ənənələri ilə də tanıyırdım. Həm də keçmiş Prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, Tallinn şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi də xatırlayıram, amma pyesin adı yadımda deyil. Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o əlavə edib.
Kai Lobjakas Bakıda ziyarət etdiyi muzeylərdə xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb: “Qara Qarayevin ev-muzeyi barədə gözəl təəssüratım var. Bu, müasir ev-muzeyinin necə təqdim olunmasının canlı nümunəsidir. Eyni fikirlər Xalça Muzeyinə də aiddir. Bu muzeylər irəliləyişin istiqamətini göstərir”.
Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən “Dekorativ sənət və interyer” adlı beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan və Türkiyədən nümayəndələr iştirak etmişdi.