Məşhur hindistanlı yoq və mistik Bakıda mühazirə oxuyacaq

Dünya şöhrətli yoq və mistik Sadhqurun noyabrın 10-da Bakıdakı Heydər Əliyev Mərkəzində “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda mühazirə ilə çıxış edəcək.

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağılı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur.

Mühazirədə bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.

Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. Dərin, təsirli və məntiqli çıxışları ona natiq kimi beynəlxalq nüfuz qazandırıb. Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil-qərargahında, Dünya İqtisadi Forumunda çıxışçı olub, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində mühazirə oxuyub. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən beynəlxalq İşa Fondunu yaradıb.