Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nübar Novruzovanın 60 illiyi qeyd edilib. Aktrisa oktyabrın 19-da keçirilən yubiley axşamında baş rolda oynadığı Hüseyn Cavidin “Ana” əsərinin tamaşasında səhnəyə çıxıb.
Tədbiri aparıcı Saleh Bağırov açaraq aktrisanın yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, heç də bütün teatr və kino həvəskarları izlədikləri tamaşanın arxasında böyük aktyor əməyinin dayandığının fərqinə varmırlar. Ən gözəl səhnə əsərləri fədakar əmək sayəsində ərsəyə gəlir. Nübar Novruzova 80-ci illərin ən sevilən gənc aktrisalarından biri kimi həmişə oynadığı rollarda öz bənzərsiz cazibəsi və istedadını nümayiş etdirib.
Aktrisanın sənət dostları – xalq artistləri Rafiq Əliyev, Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Nicat Kazımov, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, xoş diləklərini çatdırıblar.
Sonra yubilyar Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalı ilə təltif edilib, 44 illik səhnə fəaliyyətinin parlaq anlarını özündə əks etdirən videoçarx nümayiş olunub.
Təbriklərdən sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sevda Hacışəmiyevadır. Baş rolu yubilyarın oynadığı tamaşada digər obrazları Əməkdar artist Elnur Kərimov, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa ediblər.
Böyük şair-dramaturq Hüseyn Cavidin “Ana” əsəri Azərbaycan ədəbiyyatında ilk mənzum dram sayılır. 1910-cu ildə qələmə alınan əsərin qəhrəmanı Səlma ananın timsalında mərdlik, mənəvi nəciblik, sədaqət duyğuları önə çəkilir. Humanist ideyaların carçısı olan ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğrulub. O hətta oğlunun qatilini belə bağışlaya biləcək qədər geniş ürəyə malikdir.
LALƏ