Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası olub.
Teatrdan bildirilib ki, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. 2018-ci ilin iyununda Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.
Tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini – Kavaradossi partiyasını ifa edib.
Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı – Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə operada Skarpia rolunda çıxış edib.
Səhnə əsərində həmçinin Azərbaycanın istedadlı opera müğənniləri – xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak ediblər. Opera tamaşasında orkestri Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edib.