Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə lentə alınmış “Son iclas” sənədli-bədii filminin Ankara şəhərində təqdimatı keçirilib. Gecəyə rəsmilər, türkiyəli millət vəkilləri, elm və mədəniyyət xadimləri, QHT və media təmsilçiləri qatılıblar.
Tədbirdə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim Cümhuriyyətin tarixi barədə danışıb, bugünkü müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olduğunu deyib.
Filmin çəkilməsinə maliyyə dəstəyi vermiş “BP-Türkiyə” şirkətinin rəhbəri Mick Stup şirkətin reallaşdırdığı mədəniyyət layihələrindən bəhs edib, filmin tarixi əhəmiyyətini vurğulayıb.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, 2018-ci ilin Azərbaycanda “Cümhuriyyət ili” elan edilməsini müsəlman Şərqində ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.
“Son iclas” filminin ssenari müəllifi Müsəllim Həsənov ekran əsərinin ərsəyə gəlməsindən bəhs edib. Diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində süqut edən Cümhuriyyətə düşmən münasibət sovet dövründə də davam edib, Cümhuriyyətin ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu tarix dövlətçilik salnaməmizdə layiqli yerini tutub.
Çıxışçılar filmin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salır və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.