Hər zaman qonaq-qaralı olan Üzeyir Hacıbəylinin ev-muzeyinə mütəmadi olaraq müxtəlif tədris ocaqlarından da tez-tez ziyarətçilər gəlir. Oktyabrın 21-də Xırdalan şəhər 1 saylı Musiqi məktəbinin şagirdləri və onların valideynləri, eləcə də Bakıdakı G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin 6-cı sinif şagirdi Şirin Əmiraslanova, onun qardaşı – Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Nəriman Əmiraslanov muzeyin qonağı olublar.
Əvvəlcə muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova onları ekspozisiya zalları ilə tanış edib.
Xırdalan şəhər 1 saylı Musiqi məktəbinin müəllimi Sevinc İbrahimova şagirdləri və onların valideynləri ilə birgə bu musiqi məbədində olmaqdan qürur duyduğunu söyləyib.
Sonra söz musiqiyə verilib. Nəriman və Şirin Əmiraslanovlar royal arxasına keçərək Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə”, F.Şubertin “Marş”, “Ekspromt”, F.Şopenin “Mazurka”, V.A.Motsartın “Sonata” əsərlərini məharətlə səsləndiriblər. Ardınca Üzeyir Hacıbəylinin ölməz musiqisi eşidilib. Nəriman Əmiraslanov royalda bəstəkarın təntənəli “Cəngi”sini ifa edib. Daha sonra Sevinc İbrahimova “Koroğlu” operasından Nigarın ariyasını, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa edib.
Tədbirin sonunda isə Sevinc xanım royal arxasına keçərək özünün bəstələdiyi “Musiqinin qüdrəti” mahnısını 1 saylı Musiqi məktəbinin xor kollektivi ilə birgə təqdim edib.
Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova gəncləri bu gözəl çıxışlarına görə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
Sonda qonaqlar dahi bəstəkarın muzeydəki büstünün önünə qızılgül dəstələri düzərək xatirə şəkilləri çəkdiriblər.