Türkiyə və Rusiya arasında mədəni əlaqələr inkişaf etməkdədir. Bu özünü müxtəlif qarşılıqlı tədbirlərdə də göstərir. Oktyabrın 24-də Moskvadakı Yunus Əmrə İnstitutu Mədəniyyət mərkəzinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş müdiriyyətinin dəstəyi ilə başlanan Türk filmləri günləri də bu qəbildəndir.
“Arkadiya” ticarət mərkəzinin kino salonunda Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Yunus Əmrə İnstitutu Mədəniyyət mərkəzinin rəhbəri Ömər Özkan, Türkiyə Ticarət Palatasının (TOOB) Moskva təmsilçisi Səbahəttin Yavuzun iştirakı ilə keçirilən mərasimə çox sayda Türkiyə və Rusiya vətəndaşları qatılmışdı.
Səfir Hüseyn Diriöz bildirdi ki, Türkiyə Rusiya ilə bütün sahələrdə əlaqələrini genişləndirmək niyyətindədir: “İki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələri də genişləndirmək ümdə vəzifəmizdir. İnanıram ki, Moskvada ilk dəfə gerçəkləşən Türk filmləri günləri bu əlaqələrə bir daha töhfə vermiş olacaq”. Səfir Yunus Əmrə İnstitutu Mədəniyyət mərkəzinin bu sahədə fəaliyyətini də yüksək dəyərləndirdi.
Ömər Özkan isə çıxışında Türkiyə mədəniyyətini Rusiyada tanıtmaq üçün qısa zamanda bir çox tədbirlər həyata keçirdiklərini vurğuladı.
Qonaqlara türk milli mətbəxindən şirniyyatlar təqdim olundu. Sonra ilk film nümayiş etdirildi.
Qeyd edək ki, oktyabrın 26-dək davam edəcək proqram üzrə “Kəpənəyin yuxusu”, “Uzun hekayə”, “Ərtoğrul 1890” və digər türk filmləri rus dilində alt yazı ilə təqdim olunacaq.
Mehparə SULTANOVA
Moskva