VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 25-də “Dayanıqlı inkişafa dair Bakı forumu” işə başlayıb. Tədbir BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlıq mövzusuna həsr olunub.
Forumun moderatoru – “TRT World” kanalının xəbər müxbiri Maria Ramos tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən 30-dan çox ölkədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırdı. O, “Dayanıqlı inkişafa dair Bakı forumu”nun əlamətdar tarixə –BMT-nin yaradılmasının (24 oktyabr 1945) 73-cü ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq qeyd etdi ki, forumda regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində “Bakı prinsipləri”nin qəbulu nəzərdə tutulur.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda VI Beynəlxalq Humanitar Forumun işə başlamasını, eyni vaxtda Dayanıqlı İnkişaf Məqsədlərinə dair Forumun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Vurğuladı ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsi Azərbaycanın dövlət siyasətinin ən əhəmiyyətli tərkib hissələrindən biridir. Dayanıqlı İnkişaf Məqsədlərinin dünyada aclıq, yoxsulluq, qaçqın və məcburi köçkün problemi, ədalətsizliyin qarşısının alınması kimi mühüm problemlərin aradan qaldırılması baxımından mühüm sənəd olduğunu vurğulayan Əli Əhmədov ölkəmizin, 30 ilə yaxın müddətdə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdırdı.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında regional əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən Əli Əhmədov bildirdi ki, yalnız bu yolla sosial problemlərin həllinə nail ola, digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq imkanı əldə edə bilərik.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai qeyd etdi ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün sözdən əmələ keçməyin vaxtı çatıb. 2030-cu ilə qədər yol xəritələri, milli planlar müəyyən edilməlidir. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin tələblərinə uyğun olaraq bu istiqamətdə səylər birləşdirilməli, innovasiyalardan istifadə edilməlidir. Azərbaycan hökumətinin BMT-nin nümayəndəliyi ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan Q.İshaqzai Bakı forumunun 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu dedi.
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri xanım İnqa Ronda Kinq və digər çıxış edənlər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında özəl sektora da böyük dəstəyin verilməsinin önəmini vurğuladılar.
Forum işini oktyabrın 26-da davam etdirəcək.
FARİZ