Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Muzeyin qrafika bölməsinin müdiri, Əməkdar mədəniyyət işçisi Sevda Həbibova “Nizami dünyası Azərbaycan rəssamlarının yaradıcılığında” mövzusunda məruzə ilə çıxış etdi.
O diqqətə çatdırdı ki, Nizaminin yaradıcılığı bəşər bədii təfəkkürünün unikal təzahürü və Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsidir. Onun ölməz “Xəmsə”sində bəşəriyyətin ən qabaqcıl və parlaq idealı təcəssüm olunub: azadlıq, dostluq, sevgi, gözəllik, xeyirxahlıq, ədalət və həqiqət ideyası. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları bir çox sənətkarlar üçün tükənməz ilham mənbəyi olub.
Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika kolleksiyasını Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə, Mikayıl Abdullayev, Əliağa Məmmədov, İsmayıl Axundov kimi Azərbaycan rəssamlarının dahi şairə və onun əsərlərinə həsr etdikləri tablolar bəzəyir.
Sevda Həbibova dünya muzeylərində Nizami əsərlərinə həsr edilmiş miniatürlər haqqında da danışdı. 1570-ci ildə çəkilmiş və Oksfordun Bodlian kitabxanasında qorunan, Ermitaj, Luvr, Vaşinqton və dünyanın digər məşhur muzeylərində saxlanılan miniatürlərin tarixi və müəllifləri haqqında məlumatlar diqqətə çatdırıldı.
LALƏ