VI Bakı Beynəlxalq Humanitar Forumunun ikinci günü plenar sessiya mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illiyinə həsr olunmuşdu.

“Bakı Prosesi” – insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda sessiya mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirildi.

Əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirildi. “Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirdi ki, bu təşəbbüs Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Ötən müddətdə “Bakı Prosesi” sivilizasiyalararası dialoq üzrə qlobal platformaya çevrilib. Bu çərçivədə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İSESCO və digər təşkilatlarla birgə həyata keçirilən mühüm tədbirlər bir daha sübut edir ki, Azərbaycan nəinki bölgədə, dünya miqyasında sülh və humanizm çağırışlarına dəstək verir.

Nazir qeyd etdi ki, bu günə qədər müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə nazirlərin görüşləri təşkil edilib. Turizm sənayesi bu proqramlara qoşularaq mədəni dialoqda fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Yeni cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin rolu həmin görüşdə ətraflı müzakirə olunub. Eləcə də Avropa Şurası ilə İSESCO arasında birgə əməkdaşlıq sazişi imzalanıb.

Əbülfəs Qarayev “Bakı Prosesi”nin ilk addımlarından bu platformaya dəstək göstərən beynəlxalq qurumlara və elm adamlarına Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi.

 

Dünya “Bakı Prosesi”nin çağırışlarına hazır olmalıdır

 

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm təşəbbüsü dünyanı bürüyən iqtisadi, siyasi böhran fonunda çox müdrik qərar oldu. Mədəniyyətlərarası dialoq təşəbbüsü dünya ictimaiyyətinə böyük ümidlər verdi. Azərbaycan təşkil etdiyi forumlarla, beynəlxalq tədbirlərlə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa önəm verdiyini nümayiş etdirir: “Azərbaycan tarix boyu mədəniyyətlərin və dinlərin birləşdiyi bir məkan olub və bu dialoq heç zaman dayanmayıb. “Bakı Prosesi” isə bu dialoqu davam etdirmək üçün daha da geniş imkanlar yaradır. “Bakı Prosesi” həm də UNESCO və İSESCO arasında münasibətləri daha da sıx etdi, birgə layihələrə meydan açdı. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun Bakıda keçirilməsi Azərbaycanın dialoqa verdiyi önəmi əks etdirir. 10-cu ildönümü münasibətilə “Bakı Prosesi” bir daha mədəniyyətlərarası dialoqu önə çəkir və tələb edir ki, dünya mövcud çağırışlara hazır olmalıdır”.

 

Bu platforma UNESCO-nun fəaliyyətinə də töhfədir

 

UNESCO-nun sabiq baş direktoru İrina Bokova “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı, bu istiqamətdə birgə aparılan işlərin davamlı olmasının vacibliyini vurğuladı: “Çünki biz xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini birgə müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Biz yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə apara bilərik. Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlərə, mədəniyyətlərarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir”.

UNESCO baş direktorunun müavini Qu Ksinq çıxışı zamanı bildirdi ki, təmsil etdiyi qurum hər zaman bu fəaliyyətdə yaxından iştirak edib: “Biz şahidiyik ki, cəmiyyətlərdə qarşıdurmalar baş verir, dünya böyük böhranlarla üzləşir. Hətta mədəni müxtəliflik məsələləri də təhdid altındadır. Ona görə də mədəniyyətlərarası dialoq bizim qarşımızda dayanan mühüm çağırışdır. Hesab edirəm ki, dialoq, anlaşma sülh quruculuğunda mühüm açar rolunu oynaya bilər. “Bakı Prosesi” bizim gələcəyimizə çox böyük töhfələr verəcək. Bu proses fərqli, lakin maraqlı dairələri bir araya gətirdi və bizim üçün gözəl bir müzakirə platforması yaratdı. “Bakı Prosesi” UNESCO-nun fəaliyyətinə də töhfə verir.

* * *

Sessiyada çıxış edən Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə sabiq direktoru Robert Palmer “Bakı Prosesi”nin güclü mövqeyə malik olduğunu qeyd etdi. O, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində gender bərabərliyinin təmininin, dini ayrı-seçkiliyə yol verilməməsinin mühüm şərtlərdən olduğunu bildirdi: “Azərbaycan hökuməti mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində mühüm təşəbbüslərlə çıxış edərək bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi. Həmin təşəbbüs əsasında bu gün artıq çox dayanıqlı bir platforma kimi formalaşıb. “Bakı Prosesi” qısa müddət ərzində mötəbər tərəfdaşlarını bir araya gətirdi”.

“Bakı Prosesi”nə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin daha da artırılmalı olduğunu qeyd edən R.Palmer vurğuladı ki, bu, bütün dövlətlərin, təşkilatların üzərinə düşən müştərək vəzifədir. Vətəndaş cəmiyyətlərinin, kütləvi informasiya vasitələrinin bu prosesdə yaxından iştirakı zəruridir.

 

Azərbaycan birgəyaşayışın uğurlu modelidir

 

Körfəz Əməkdaşlıq Şurası baş katibinin müavini Əbdül Əziz Əbu Hamad əl-Uvayşeq “Bakı Prosesi”nin mühüm tərəfdaşlıq platformasına çevrildiyini qeyd etdi. Bildirdi ki, Körfəz Əməkdaşlıq Şurası hər zaman “Bakı Prosesi”nə dəstək olub və onun fəaliyyətində yaxından iştirak edib. Çünki mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşma cəmiyyətlərin təhlükəsizliyi üçün olduqca vacibdir və onun möhkəmləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır.

Avstraliyanın Dikina Universitetinin professoru Fethi Mansuri qeyd etdi ki, müasir çağırışlar bizim hər birimizin qarşısında yeni vəzifələr qoyur. Ona görə də “Bakı Prosesi”nin bu vəzifələrin, yeni çağırışlara cavab verən fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından rolu çox önəmlidir: “Biz cəmiyyətlərdə olan müxtəliflikləri qəbul etməliyik. Bu müxtəlifliklər əsrlər boyu formalaşıb və əslində, hər zaman da müxtəlif mədəniyyətlər arasında dialoq mövcud olub. Lakin müasir dövrümüzdə baş verən yeni dinamikaya tam cavab verə bilmirik və mövcud olan dəyərlər sistemi də dağılıb. Ona görə də ilk olaraq qarşılıqlı əlaqələrin müsbət nəticələrini anlamaq lazımdır”.

Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktorunun müavini Rosio Çervera, İspaniyanın Pompeu Fabra Universitetinin professoru Riçard Sapata Barrero, Ərəb Liqasının Mədəniyyətlərarası dialoq departamentinin direktoru xanım Samia Bibar Azərbaycanda olmaqlarından və bu cür mötəbər bir Forumda iştirakdan məmnunluqlarını ifadə etdilər.

Şimal-Cənub Mərkəzinin “Bakı Prosesi”nin ən fəal tərəfdaşlarından olduğunu bildirən R.Çervera Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən danışdı. O, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün fərdi səviyyədə iş görülməsinin vacibliyini vurğulayaraq bildirdi ki, Şimal-Cənub Mərkəzi bu məqsədlə gənclər, qadınlar arasında təbliğat aparır, müxtəlif səpkili tədbirlər keçirir.

Məruzələrdə vurğulandı ki, “Bakı Prosesi” vasitəsilə qlobal dialoq ideyalarını reallaşdırmaq mümkündür. Təəssüf ki, münaqişələrin ən böyük səbəblərindən biri müxtəliflik anlayışıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Burada bütün etnik qrupların, dinlərin nümayəndələri bərabər, mehriban yaşayırlar. Azərbaycan sülh şəraitində birgəyaşayışın uğurlu modelidir. Diqqətə çatdırıldı ki, “Bakı Prosesi” həm Azərbaycanın təcrübəsinin öyrənilməsi, həm də mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əvəzsiz rola malikdir.

 

Qarşıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu var

 

Sessiyanın sonunda nazir Əbülfəs Qarayev məruzəçilərə dəyərli fikirlərinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ölkəmiz artıq gələn il keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır. Elmi mərkəzlər bu istiqamətdə işə başlayıb: “Bu dəfə Foruma konfliktologiya mövzusunu daxil edəcəyik. Münaqişələrin araşdırılması tədbirin əsas mövzusunu təşkil edəcək”.

Nazir vurğuladı ki, 10 il əvvəl başlanan “Bakı Pprosesi” humanitar anlaşmanın zəruriliyini bütün beynəlxalq təşkilatların nəzərinə çatdırdı: “Bu bir daha onu göstərir ki, biz dünyada tək deyilik. Demək, dünya üzünü mədəniyyətə, dialoqa çevirir və insanlar nəinki özləri, həm də digərləri üçün çalışırlar. “Bakı Prosesi”nə dəstək verən tərəfdaşlara təşəkkür edir, bütün dünyaya sülh və anlaşma arzulayırıq”.

L.AZƏRİ