VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı
VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatdı. Forumun Bəyannaməsi qəbul olundu.
Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunan forumda müasir dünyamızı narahat edən vacib məsələlər müzakirə edilib.
Forumun açılışında Prezident İlham Əliyevin söylədiyi nitqin çox böyük maraq doğurduğunu deyən nazir bildirdi ki, iştirakçılar xüsusilə Azərbaycandakı tolerantlıq barədə geniş məlumat əldə ediblər. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nazir diqqətə çatdırdı ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda BMT baş katibinin iki müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Türk Mədəniyyəti və İrsi Fondu, Parlamentlərarası Birlik (İPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər. Tədbirə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, eləcə də 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, xarici şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.
Əbülfəs Qarayev qeyd etdi ki, sessiya və panellərdə ümumilikdə 150-dən çox məruzə dinlənilib. Dinlənilən bütün məruzələr çap olunacaq. Forum gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı, bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırıldı.
Nazir vurğuladı ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunulub, bütün iştirakçılar birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyiblər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi”nin 10 illiyinin bu il tamam olduğunu deyən Əbülfəs Qarayev bu prosesin müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirdiyini vurğuladı. Qeyd olundu ki, bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də dəstəklənir.
“Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir. Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə ümumilikdə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir”, - deyə nazir bildirdi.
Sonda bütün qonaqlara minnətdarlığını dilə gətirən Əbülfəs Qarayev onları 2019-cu ildə Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət etdi.
Fariz HÜSEYNOV