Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində 25-26 oktyabr tarixində Milli Kitabxanada Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz (MEMM) tərəfindən “Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti” üzrə milli seminar keçirilib.
Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev tədbiri açaraq qeyd edib ki, bu gün Azərbaycan dünyada multikulturalizm və tolerantlıq siyasətinin aparıcı qüvvəsidir, İSESCO-nun və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən bu tədbir bunu bir daha sübut edir.
Sonra MEMM-in elmi katibi Cavid Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin tədbir iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, ölkələrin qanunlarında və dini kitablarda bütün insanlar;n bərabər olduğu deyilir, amma heç də hər yerdə buna əməl edilmir. Prezident yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdəki multikultural və tolerantlıq siyasətindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmov etnik və dini müxtəlifliklərin birgə yaşamasından danışıb. Psixologiya elmləri doktoru, professor Ramiz Əliyev mədəniyyətin sosiologiyasındakı millilik və qloballaşmadan bəhs edib.
Daha sonra mövzu ilə bağlı məruzələr dinlənilib. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Multikulturalizmə alternativ yoxdur” sözləri diqqətə çatdırılaraq mədəniyyətlərarası dialoqun bu gün dünyada müşahidə olunan bir sıra dağıdıcı və münaqişəli tendensiyaların qarşısının alınmasında əvəzolunmaz və ümumbəşəri siyasi dəyər olduğu vurğulanıb.
Seminarın ikinci günündə MEMM-in elmi katibi Cavid Əliyev “Müasir mədəniyyət dialoqunun modelləri” adlı məruzə ilə çıxış edib. Biləsuvar Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ramil Bayramlı, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev mədəni dialoqun müasir təzahür formaları, mədəni dialoqun dəstəklənməsində elmin və ziyalıların rolu haqqında mülahizələrini bölüşüblər.
Seminarı yekunlaşdıran Asif Usubəliyev bir daha vurğulayıb ki, multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun beynəlxalq münasibətlər sistemində təbliğində Azərbaycanın rolu əvəzolunmazdır.
Sonda seminar iştirakçılarına İSESCO-nun sertifikatları təqdim edilib. Tədbirdə Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin şagirdlərindən ibarət instrumental trio tərəfindən kiçik musiqi proqramı təqdim olunub.