Yuğ teatrı festivala gedib

Yuğ Dövlət Teatrının kollektivi Türkiyəyə səfərə gedib. Yaradıcı heyət Mədəniyyət Nazirliyinin dəstəyi ilə Adanada keçirilən V Şəhər Teatrları Görüşü Festivalında iştirak edir. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi festivalda Yuğ teatrı A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşasını göstərəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov oynayırlar.

Proqrama əsasən, “Təklif. Elçilik” tamaşası noyabrın 1-də Adana Böyükşəhər Bələdiyyəsinin tamaşa zalında nümayiş olunacaq. Festival çərçivəsində, həmçinin noyabrın 2-3-də Türkiyənin Mersin və Tarsus şəhərlərində “Təklif. Elçilik” və “Metamorfoza” tamaşaları təqdim olunacaq.

S.Haqverdiyevanın əsəri əsasında hazırlanmış “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov çıxış edirlər.