Oktyabrın 29-da İstanbulun yeni hava limanının ilk növbəsinin açılış mərasimi keçirilib. İstanbul Aeroportu adını alan və 76,5 milyon kvadratmetr ərazini əhatə edən hava limanının birinci hissəsinin tikintisinə 6 milyard avro xərclənib. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.
Aeroportun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq, ildə 200 milyon sərnişinə xidmət göstərməklə dünyanın ən böyük hava limanı olacaq.
Hava limanından ilk daxili reys oktyabrın 31-də Ankaraya, ilk xarici reys noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçiriləcək. Noyabrın 8-də isə İstanbulun yeni aeroportundan Azərbaycana uçuş nəzərdə tutulub.
İstanbul Aeroportu tam şəkildə istifadəyə verildikdən sonra Atatürk Hava Limanı əsasən yük daşımaları, geniş sərgi meydanı kimi fəaliyyət göstərəcək. Onun ərazisinin bir hissəsi isə parka çevriləcək.