Xəbər verdiyimiz kimi, Avropa İttifaqının “2018 – Avropa Mədəni İrs ili” layihəsi üzrə Bakıda 1-10 noyabr tarixində “Fantaziya” mədəni irs festivalı keçiriləcək. Layihənin məqsədi Bakının mədəni irsinə marağı daha da artırmaqdır.

“Avropa Mədəni İrs ili” çərçivəsində paytaxtımızda ilk dəfə təşkil olunan bu festivalın birinci günündə “Rotunda Jazz Club”da məşhur müğənni Miroka Parisin konserti təşkil olunacaq. Bu, dünyaca tanınmış ifaçının Bakıda ilk konsertidir.

Noyabrın 2-də ADA Universitetində  məşhur səyyah Marko Polonun izləri ilə İpək Yolunun mədəni irsinin dəyərləndirilməsinə həsr olunmuş yeni layihənin təqdimatı keçiriləcək.

Noyabrın 3-də keçiriləcək növbəti tədbir Azərbaycanda alman irsinə həsr olunub. Tədbir çərçivəsində Bakıda mövcud olan alman irsi nümunələrinə avtobus turu təşkil olunacaq.

Festival noyabrın 4-də Bakının tarixi məkanlarına “Bakı - əsrlər boyu”, “Bakının gizli küçələri” adlı gəzintilərlə davam edəcək.

Noyabrın 5-də İbrahim Əbilov adına Mədəniyyət mərkəzində “Xeyirxahlıq” adlı foto və video sərgi, noyabrın 6-da Müasir İncəsənət Mərkəzində Bakıda Avropa memarlıq irsinə həsr olunmuş fotosərgi təşkil olunacaq.

Festivalın proqramına sərgi, dəyirmi masa, film nümayişi, əyləncəli tədbirlər də daxildir.