Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda vurğulanır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ana dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və bu sahədə qəbul olunmuş müvafiq sənədlər, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi  dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırılıb.

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etməli, həmçinin Monitorinq Mərkəzinin nizamnaməsini, strukturunu, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq edərək onun fəaliyyətinin təşkili ilə bağlı zəruri məsələləri həll etməlidir.

Kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflər hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.