Bakı Bələdiyyə Teatrında ideya müəllifi Xalq artisti Amaliya Pənahovaya aid olan “Şanlı Vətən” tamaşası səhnələşdirilib. Epik janrda qələmə alınmış əsərin müəllifi Çingiz Ələsgərli, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən xaincəsinə devrilməsindən, üçrəngli bayrağımızın qadağan edilməsindən, 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisində ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasda üçrəngli bayrağımızın ilk dəfə qaldırılmasından, sonra isə Azərbaycanın dövlət rəmzi kimi təsdiq olunmasından, ölkəmizin müstəqillik dövründə inkişafından bəhs olunur.