Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüş Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistləri – metso-soprano Regina Rüstəmovaya və aparıcı balet artisti Timur Əsgərova fəxri adın şəhadətnaməsini və döş nişanını təqdim edib.
Polad Bülbüloğlu artistləri təbrik edərək bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada Dinara Əliyeva, Elçin Əzizov, Yusif Eyvazov kimi səhnə ustaları ilə təmsil olunur: “Onlar dünyanın ən məşhur səhnələrində çıxış edirlər. Mən sizə də belə uğurlu səhnə taleyi arzu edirəm”.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Rusiyanın şimal paytaxtında ölkəmizi layiqincə təmsil edən həmvətənlərimizi təbrik edərək onlara yaradıcılıq uğurları diləyib.
Regina Rüstəmova və Timur Əsgərov sənətlərinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, hər iki sənətçi Prezident İlham Əliyevin 2018-ci il 27 may tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunublar. Təltif olunanlar arasında Yelena Obraztsova, Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova və Sankt-Peterburq Caz Musiqisi Filarmoniyasının solisti Həsən Bağırov da var.
Regina Rüstəmova 2008-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2008-ci ildən Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistidir.
Timur Əsgərov Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. 2011-ci ildən Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistidir.