Mir Cəlal Paşayevin xatirə gecəsində kitablarının yeni nəşri təqdim olundu
Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, Mir Cəlal Paşayev və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb. Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi “Füzuli sənətkarlığı” kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək “Füzuli sənətkarlığı” adı ilə nəşr etdirib. Kitab “Ədibin Evi” tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunub.
Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyev xatirələrini bölüşüb. “Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər”, - deyən X.Əliyev müəlliminin tələbələri yaradıcılığa ruhlandırdığını, yüksək insani keyfiyyətlərini vurğulayıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik özünün də bir şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolu olduğunu bildirib, gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini danışıb.
Xalq yazıçısı Elçin deyib ki, Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. O həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi.
Akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, Mir Cəlal Paşayev ədəbiyyatın bir çox sahələrində yeni söz demiş alimdir. Təkcə “Füzulinin sənətkarlığı” onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edər.
Tədbirdə Feyzulla Qasımzadənin qızı Nigar Qasımzadə, Həmid Araslının qızı Nüşabə Araslı Mir Cəlalla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, onun şəxsiyyəti özlüyündə bir məktəb idi. Mülayim xasiyyəti vardı, lakin prinsipial idi. Bütün bu keyfiyyətləri ilə o həm yazıçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi.
Mir Cəlalın tələbəsi olmuş Təhsin Mütəllimov, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, professor Abdulla Abbasov da Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.
Sonda Mir Cəlalın oğlu Hafiz Paşayev tədbirin təşkilinə görə təşəkkürünü bildirərək deyib: “Ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir”.
Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzəllərin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.
Ədibin oğlu qeyd edib ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı 1958-ci ildən sonra bir neçə dəfə nəşr edilib. Lakin o nəşrlər Mir Cəlalın özünün nəşr etdiyi kitabdan çox fərqlidir. Belə ki, həmin nəşrlərdə müasirləşdirmə aparılıb, dinlə, sovet ideologiyası ilə bağlı yerlər çıxarılıb. Lakin təqdimatı keçirilən kitab 1958-ci il nəşrinin mətninə əsaslanır.
Tədbirdə Aqil Məlikov və Hüseyn Məlikovun ifa etdikləri muğamlarda Füzuli qəzəlləri səsləndirilib.