Noyabrın 14-dən 17-dək Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “Start” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivala təşkilati dəstək verir.
Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən 490 film göndərilib.
Festivalın Təşkilat komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramlarına 100 ekran əsəri daxil edilib. 72 film beynəlxalq, 28 film isə yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.
Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı, “Ən yaxşı bədii film rejissoru”, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.
Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Festivalda ilk dəfə “Cinemobil” – telefonla çəkilmiş film müsabiqəsi də keçiriləcək.
Filmlər 14-17 noyabr tarixində Nizami Kino Mərkəzi, “Cinema Plus” (“28 Mall”) kinoteatrında saat 12-dən 16-dək nümayiş olunacaq.
Festival günlərində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş xüsusi proqram, ustad dərsləri, sənət müzakirələri də təşkil olunacaq.