Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da başa çatdı. Konfrans “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunmuşdu.

Bağlanış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri, Bakı Beynəlxalq Teatr Konfransı Təşkilat komitəsinin icraçı katibi Şaiq Səfərov tədbirin təşkilatçı qurumlarına təşəkkürünü bildirdi. O, iki gün ərzində konfransın keçirildiyi Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə və konfransa qatılan beynəlxalq teatr təşkilatlarına, teatr mütəxəssislərinə minnətdarlığını ifadə etdi.

Şaiq Səfərov bildirdi ki, Azərbaycanın beşinci dəfə ev sahibliyi etdiyi Beynəlxalq Teatr Konfransına ildən-ilə maraq artır: “Budəfəki konfransın coğrafiyası əvvəlkilərə nisbətən daha da genişlənib. Müxtəlif ölkələrdən teatr mütəxəssisləri konfransda çıxış edərək dünyada baş verən teatr proseslərini təhlil etdi. Bütün iştirakçılara bir daha təşəkkür edirəm”.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

L.AZƏRİ