V Bakı Beynəlxalq Teatr Konfransı keçirildi
2010-cu ildə əsası qoyulan və ötən müddətdə həm ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanan Bakı Beynəlxalq Teatr Konfransı beşinci dəfə müxtəlif ölkələrdən teatr xadimlərini, sənətşünasları bir araya toplayıb. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşan konfrans bu dəfə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr edilib.
Noyabrın 5-də tədbirin başlanmasından öncə V Beynəlxalq Teatr Konfransının iştirakçıları Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət etdilər. Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Azərbaycan Dövlət Musiqili Teatrında V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimi keçirildi.
Teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi təşkil olunmuşdu.
Açılış mərasimi beynəlxalq konfransın tarixini, Azərbaycan teatrının keçdiyi yolu əks etdirən videoçarxın nümayişi ilə başlandı.
Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində məhdud imkanlı insanlarda rəqs və teatr vasitəsilə əminlik hissi yaradan və onları potensiallarını reallaşdırmağa həvəsləndirən, inklüziv teatrı təmsil edən qısa tamaşa təqdim edildi.
Mərasimdə ilk olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva qonaqları salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu.
Azərbaycan teatrı dünya teatr prosesinə daxil olub
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən söz açdı. Bildirdi ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən qonaqlar iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır.
Ölkəmizdə, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də dövlət qayğısı ilə əhatə olunduğunu deyən nazir bildirdi ki, artıq ənənə halını almış bu konfrans Azərbaycan dövlətinin teatr sənətinin inkişafına nə qədər diqqət yetirdiyinin bir göstəricisidir. Müvafiq Dövlət Proqramı teatr binalarının ən müasir səviyyədə təmiri, yaradıcı heyətin peşəkarlığının artırılması, eyni zamanda Azərbaycan teatrının XXI əsrdə yeni mərhələyə müasir baxışlarla qədəm qoymasına zəmin yaradıb: “Bu gün artıq Azərbaycan teatrı dünya teatr prosesinə daxil olaraq yeni yanaşmalara açıq şəkildə fəaliyyətini davam etdirməkdədir. Geriyə nəzər salanda görürük ki, teatr ictimaiyyəti bu proqramdan irəli gələn aktual məsələləri layiqincə yerinə yetirməyə nail olub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Azərbaycan cəmiyyətində hökm sürən birlik imkan verir ki, multikultural dəyərlər, qarşılıqlı anlaşma və ənənələr dünya miqyasında daha geniş təbliğ olunsun”.
Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq forumlar, konfranslar, yarışlar Azərbaycanın daha geniş səviyyədə tanınmasına xidmət edir.
Vurğulandı ki, teatr cəmiyyətdə gedən prosesləri əks etdirən aynadır. 146-cı mövsümünü yaşayan Azərbaycan teatrı təkcə paytaxtda deyil bölgələrdə də yeni inkişaf yoluna qədəm qoyub: “Bu günlərdə Sumqayıt və Mingəçevir teatrlarının 50 illiyini qeyd etdik. Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal altında olan rayonlarda teatr binaları da daxil olmaqla bütün mədəniyyət ocaqları, mədəni irs nümunələri dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Buna görə də xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq”.
Teatr peşəkarlarının ənənəvi olaraq Bakıda görüşməsi qürur hissi doğurur
Konfransın əhəmiyyətindən danışan nazir bildirdi ki, tədbirin məqsədi müxtəlif ölkələrdən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır: “Teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. İki gün ərzində konfransda dünyanın məşhur teatr xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin məruzələri dinləniləcək. Ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq. Biz açılış mərasiminin əvvəlində dəyərli bir təqdimatı izlədik. Hesab edirəm ki, bu inklüzivlik mədəniyyətin bütün sahələrində öz həllini tapmalıdır. Azərbaycanda fəaliyyət göstərən 26 dövlət teatrı ilə yanaşı, “Üns” yaradıcılıq səhnəsi, bələdiyyə teatrı, yeni yaradılan teatrlar fəaliyyət göstərir. Gənclər tərəfindən yaradılan yeni teatr hərəkatları mövcuddur və bütün bunlar bizi məmnun edir. Gənclərin bu sahəyə cəlb edilməsi onun yaşaması və yeniləşməsinə işarədir. Konfrans müddətində bütün bu yeniliklər və müasir baxışlar barədə fikir mübadiləsi aparılacaq”.
Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Əbülfəs Qarayev builki konfransda mühüm bir yeniliyin olacağını diqqətə çatdırdı. Bildirdi ki, konfrans başa çatdıqdan sonra qonaqlar “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq incəsənət festivalında iştirak edəcəklər. Bu da qonaqlar üçün daha zəngin proqram və təəssüratlar vəd edir.
Yeni fikir və ideyalar
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkəmizdə dövlətin teatrlarla sıx əlaqədə olduğunu diqqətə çatdırdı. Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd əl-Əfham konfransın mədəniyyətlər arasında körpü olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən vasitələrdəndir.
UNESCO-nun “Sülh artisti” Əli Mahdi diqqətə çatdırdı ki, Bakı Beynəlxalq Teatr Konfransı yeni fikir və ideyaların paylaşılmasına şərait yaradır: “İnanıram ki, konfrans iştirakçıları bəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirgəməyəcəklər”.
Beynəlxalq Kukla Teatrları İttifaqının (UNİMA) Kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar təşkilatın Azərbaycanla əlaqələrindən söz açdı. Birgə əməkdaşlığı yüksək dəyərləndirdi. Açılış mərasimində həmçinin Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğuladılar.
Bildirildi ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin həlli yollarını da düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşmağa imkan yaradır.
Sonra konfrans işini plenar iclaslarla davam etdirdi.
LALƏ