Noyabrın 6-da Nizami Kino Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqənin final mərhələsi keçirildi.
İştirakçılar öncə paytaxtın mədəniyyət ocaqlarının biçmə-tikmə dərnəklərinin əl işləri sərgisi ilə tanış oldular.
MEMM-in direktoru Asif Usubəliyev çıxış edərək bildirdi ki, 9 Noyabr – Dövlət Bayrağı Günü və Cümhuriyyətin 100 illiyinə həsr edilmiş müsabiqənin məqsədi dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin dərnəklərə cəlb edilməsi, istedadlı gənclərin aşkar edilməsidir. İlk dəfə keçirilən və üç mərhələdən ibarət olan bu müsabiqədə biçmə-tikmə dərnəklərinin fəaliyyəti araşdırılıb. Bu dərnəklər peşə təhsilinin ilk pilləsi sayılır.
Vurğulandı ki, ölkəmizdə mədəniyyət mərkəzlərinin müasirləşməsi qarşıya həm də bu müəssisələrdə qabaqcıl işlərin, yeni və sosial əhəmiyyət kəsb edən fəaliyyətlərin təmin edilməsi kimi tələblər qoyur. Biçmə-tikmə dərnəkləri müsabiqəsi bu işlə məşğul olan gənclərin həyatın ilk uğur kimi yazılır.
Tədbirdə mədəniyyət müəssisələrinin direktorları çıxış edərək belə bir müsabiqənin təşkilinə görə təşəkkürlərini bildirdilər.
Sonra müsabiqəyə təqdim edilən geyimlər nümayiş olundu. Əl işlərini professor, estetika üzrə alim Vidadi Xəlilov, modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, MEMM-in direktoru Asif Usubəliyev, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Sevil Əliyeva və Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevadan ibarət münsiflər heyəti dəyərləndirdilər.
Birinci yerə Binə qəsəbə Mədəniyyət evi, ikinci yerə Səttar Bəhlulzadə adına Mədəniyyət evi, üçüncü yerə isə Binəqədi Mədəniyyət evi layiq görüldü.
Qaliblərə diplom və hədiyyələr təqdim edildi.
LALƏ