V Bakı Beynəlxalq Teatr Konfransının proqramında yer alan ustad dərslərindən birincisi noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram Teatrında gerçəkləşdi.

Rusiyadan gələn tanınmış aktrisa-rejissor Lidiya Kopinanın “Fiziki teatr” cərəyanı barədə ustad dərsi janrından, istiqamətindən asılı olmayaraq, bütün aktyorlara gərək olan vücud dilinə həsr olunmuşdu.

Ustad dərsindən əvvəl Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Şaiq Səfərov fiziki teatr anlayışı və cərəyanı barədə qısa söz açdı. Vücud dilinin insanın söz ehtiyatından daha zəngin olduğunu, hərəkəti idarə etməyi öyrənməyin ənənəvi teatrda çalışan aktyor üçün vacibliyini vurğuladı. Sektor müdiri Moskvadakı “Fiziki teatr laboratoriyası” layihəsinin yaradıcısı və rəhbəri Lidiya Kopina haqqında da məlumat verdi.

Lidiya Kopina. Standart teatr düşüncəsindən baxsaq, öz yaşıdlarına ustad dərsi keçmək baxımından çox cavandır. 35 yaşı var. Uşaqlıqda idmanla ciddi məşğul olub, musiqi məktəbində də təhsil alıb. 2006-cı ildə Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram teatrı rejissorluğu və aktyor ustalığı ixtisası üzrə bitirib. Rusiyada və xaricdə fiziki teatr və rəqs üzrə dəfələrlə ustad dərsləri keçib. Öyrəndiklərini, müxtəlif teatr məktəbi və cərəyanlarında vücud dili anlayışına dair biliklərini cəmləşdirərək öz ustad dərsi proqramını yaradıb.

* * *

Lidiya birbaşa məşğələyə keçməzdən əvvəl öz ustad dərsi proqramı barədə məlumat verdi. Dedi ki, yalnız dram teatrı aktyorları ilə işləyir. Fiziki teatr qaydalarına bələdlik aktyorun səhnədəki davranışına, hərəkətlərinə, obrazı daha yaxşı, daha asan və rahat ifadə etməsinə kömək edir: “Kino aktyordan bütün vücudu ilə oynamağı tələb etsə də, teatrda bu, hər şeydən vacibdir. Çünki zalda əyləşmiş tamaşaçı aktyoru bütün – başdan-ayağa kimi görür və izləyir. Əgər aktyor öz vücudunu “danışdıra” bilmirsə, tamaşaçı yalnız səhnədə “danışan baş” görür və belə bir teatr onun üçün artıq maraqlı deyil. Üstəlik, fiziki teatr bilgisi aktyora öz bədənini idarə etməyi öyrətdiyi üçün həm də onun təhlükəsizliyinin təminatçısıdır. Çünki, tənəffüs sistemi nizamlanır, oynaqların elastikliyi artır, müntəzəm məşğələlər aktyorun fiziki gücünü və dözümünü artırır”.

...İlk baxışdan adi görünən əzələləri yumşaltma hərəkətləri ilə başlayan ustad dərsi davam edir. Rus Dram Teatrının gənc aktyorlarının arasında Şri-Lankadan gəlmiş konfrans iştirakçısı da var. Lidiya gənclərə onların nə etməli olduğunu rus dilində anladandan sonra uyğun söz və ifadələrin qarşılığını ingilis dilində axtara-axtara, çox zaman da elə vücud dili ilə nə etməli olduğunu qonağımıza başa salır. Qonaq isə söz və jestin, hərəkətin 50:50 nisbətində şərhini asanca anlayır. Hər halda onun tapşırıqları tam başa düşdüyü cavanlardan geri qalmamasından anlaşılır. Lidiya isə arada tərifləməyi, yaxud irad tutmağı unutmur.

Elə biz də bilmədiklərimizi öyrənirik. Demə, bədəni vücud dili “dərs”inə hazırlamaq üçün gərək olan isinmə hərəkətlərinin, təmrinlərin fiziki tərbiyə baxımından da əhəmiyyəti böyükmüş. Həm də oturaq işlə məşğul olan peşə sahibləri üçün gərəkliymiş.

Lidiya tapşırıqdan tapşırığa keçidi maraqlı şərhlərlə dolğunlaşdırır.

“...Vücud dili treninqi hərəkət stereotipini, düşüncə stereotipini sındırmaq, təxəyyül kanallarını açmaq üçün lazımdır...”

“...Sürət, hərəkətdən hərəkətə sürətli, bir göz qırpımında keçid aktyor üçün çox vacibdir. O, obrazın xarakterini açmağa, hərəkəti dəyişməyə kömək edir...”

Bəzən isə şərhlər iradlarla əvəzlənir:

“...Daha çevik hərəkət edin, yoxsa ki, sizin bu sürətlə hərəkətinizə, yeriməyinizə baxanda adama elə gəlir ki, pensiya yaşınız çatıb...”

“...Obraza girməyin, sadəcə, əzələləri, oynaqlarınızı idarə edin. Fiziki teatrın pantomimdən fərqi ondadır ki, siz obrazı illüstrasiya etmirsiniz, onu vücudunuzu idarə edib danışdırmaqla göstərirsiniz...”

* * *

Nəhayət, ustad dərsi başa çatır. Dərsin sonunda Lidiya iştirakçılardan soruşur: “Kimin sualı var?”. Aktyorlarla birlikdə mən də  əlimi qaldırıram. Amma cavanları irəli buraxmaq lazımdır, həm də bu dərs onlar üçündür. Suallar çox, vaxt dar. Aktyorlar çəkilişə, məşqə, iki saatdan sonra başlayacaq tamaşaya tələsir, Lidiyanı bakılı dostları gözləyir, bir tərəfdən də müsahibə. Amma fiziki teatr anlayışının Azərbaycan teatrsevəri üçün daha vacib olduğunu qarşılıqlı olaraq nəzərə alıb, müsahibəni sona saxlamırıq. Aktyorlar təşəkkür edib dağılışan kimi söhbətə başlayırıq.

 

- Lidiya, xoş gəlmisiniz. Sizin ustad dərsiniz çox maraqlı idi. Təşəkkür edirik.

- Çox sağ olun. Amma əslində fiziki teatra “giriş kursu” səkkizsaatlıq məşq prosesindən ibarətdir. Yəni iki saata hər şeyi sığışdırmaq mümkün deyil.

 

- Əslində, fiziki teatr bir qədər yeni cərəyandır. Yəqin ki, siz də ona yetənədək müəyyən bir yol gəlmisiniz?

- Əvvəlcə dramatik aktrisa olmuşam. Yəni, bu gün də dram teatrında, başqa layihələrdə paralel olaraq işləyirəm, kinoya, seriallara çəkilirəm. Fiziki teatra gəlişim isə belə oldu. Bir gün mən “Derevo” teatrında Anton Adasinskinin tamaşasına baxdım. Gördüm ki, heç bir söz demədən, vücudun dili ilə danışmaq daha səmimidir, daha düzdür və daha maraqlıdır...

 

- Yeri gəlmişkən, psixoloqlar da məsləhət görürlər ki, kiminləsə ciddi məsələyə dair söhbət edəndə onun danışdığına qulaq asmaqla yanaşı, hərəkətlərinə diqqət yetirək. Çünki insanın dili yalan söyləyə bilər, vücudu isə yox...

- Elədir. Fiziki teatrda aktyor hərəkətlər, jestlər ilə danışır, üstəlik, o, bu teatrda heç zaman yalan danışa bilməz, hərəkətlər mütləq onu “ifşa edəcək”. Fiziki teatr müəllif teatrıdır. Dünən oynanılan tamaşa bu gün  dünənkinin təkrarı deyil, improvizəyə həmişə yer var. Dramatik teatrda çalışan aktyor bu dili öyrənməlidir ki, tamaşaçı onu anlasın. Bu gün, internet əsrində insan evdən çıxmadan istədiyi bədii əsərlə tanış ola, film, tamaşa seyr edə bilər. O, teatra məhz emosional kontakt üçün, sənətlə canlı ünsiyyət üçün gəlir.

 

- Dram aktyoru da fiziki teatr qanunlarını biləndə...

- Onun artıq öz vücudunu beynindən zorla idarə etməsinə ehtiyac qalmır, düşüncə ilə vücuda onun nə etməli olduğunu ötürür, obraz daha bitkin, daha uğurlu alınır.

 

- Bəs fiziki teatr bir cərəyan olaraq nə vaxt yaranıb? Qədim dövrdə ondan istifadə edilibmi? Məsələn, pantomim teatrın tarixi çox qədimlərə gedib çıxır...

- Əslində, fiziki teatr ən qədim dövr teatrı saydığımız yunan teatrından da qədimdir. İnsanlar ocaq başında halay vurub mərasim keçirəndə sözdən yox, hərəkətlərdən, jestlərdən istifadə edirdilər, öz istəklərini məhz hərəkətlə çatdırırdılar. Bütövlükdə teatrın, o cümlədən də fiziki teatrın başlanğıcı həmin qədim dövrə gedib çıxır. Teatrın şaxələnməsi, janrların yaranması daha sonrakı dövrlərdə baş verib.    

 

- Rusiyada, dünyada fiziki teatr cərəyanının ardıcılları çoxdur?

- Çox deyil... Bir teatr cərəyanı anlayışı kimi onu ötən əsrin qırxıncı illərində fransız Jak Lekok teatr aləminə gətirib, öz fiziki teatr məktəbini yaradıb. İtaliyanın “Ricci/Forte” teatr şirkəti fiziki teatr tamaşaları hazırlayır. Amma rus dilində fiziki teatra dair nə bir kitab yazılıb, nə də tərcümə edilib. Teatrda çalışanlar, sadəcə, ondan xəbərsizdirlər.

 

- Amma ola bilməz ki, müxtəlif teatr cərəyan və məktəblərində fiziki teatra dair heç nə olmasın...

- Niyə ki, var. Hətta Stanislavski məktəbində də fiziki teatrdan nəsə var, amma bütün biliklər, məlumatlar dağınıqdır.

 

- Siz isə onları cəmləyib sistem halına salmısınız və artıq ustad dərsi də verirsiniz...

- Yox, mən pedaqoq deyiləm, sadəcə, gördüklərimi, oxuduqlarımı cəmləşdirib ildə bir-iki dəfə ustad dərsi verə bilərəm. Mən teatr işinin praktik tərəfi ilə məşğul olmağı seçmişəm. Özümü pedaqoq olmağa hazır hesab etmirəm. Belə baxanda, öz teatrımda öz aktyorlarımla həftənin beş günü məşğul oluram. İstəyirəm ki, onlar daha yaxşı çalışsınlar, özlərini daha yaxşı ifadə edə bilsinlər. Çünki bizim bir tamaşamız o birinə bənzəmir. Hər nümayişdə nəsə dəyişir, əvəzlənir.

 

- Sizin ustad dərsinizə baxa-baxa düşündüm ki, fiziki məşğələ aktyora təkcə vücudunu idarə etməyi öyrətmir. Müntəzəm məşğul olmaqla həm də fiziki cəhətdən orqanizmi möhkəmləndirmək mümkündür...

- Əlbəttə, fiziki sağlamlıq, əsəblərin sakitliyi insanın sağlamlığının təməlidir. Bədən bizim ixtiyarımızda olan yeganə real sərvətdir. Düşüncə, fikir, təxəyyül tam olaraq bizim deyil. Orqanizm sağlamdırsa, deməli, psixika sağlamdır. Psixika sağlamdırsa, vücudumuzda energetik kanalları açmaq, onlardan can və ruh sağlamlığı, təxəyyülün inkişafı üçün istifadə etmək mümkündür. Aktyor bütün bunları bilməlidir. Gündə 15 dəqiqə fiziki teatr təmrinlərinə vaxt ayırmaq bədəni tərbiyə edir, sağlamlığa xətər yetirmədən səhnədə necə yıxılmağı, necə dayanmağı, üstəlik, bütün bunları zorla yox, ifadəli etməyi öyrədir.

 

- Bildiyim qədər, bu gün təkcə bizim teatrın aktyorları yox, həm də Bakı ilə ilk görüşünüzdür. Təəssüratınız?

- Uşaqlar çox işləməlidirlər, bir qədər gərgindirlər. Ustad dərsinin sonuna yaxın artıq açılışdılar. Əgər məşğul olsalar, öz potensiallarına daha yaxşı bələd olacaqlar. Azərbaycan, Bakı barədə festivallarda, Rusiyada tanış olduğum dostlardan çox şey eşitmişəm. Bu gün şəhəri bir qədər gəzmək imkanım oldu. Bakı mənə Parisi, Barselonanı, İçərişəhər isə hətta Kolumbiyanın qədim Kartaxena şəhərini xatırlatdı.  

Gülcahan MİRMƏMMƏD