“XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunmuş V Bakı Beynəlxalq Teatr Konfransı dünyanın 49 ölkəsindən tanınmış mütəxəssisləri bir araya gətirib. Konfrans rejissor və prodüserlər, teatr xadimləri və teatrşünaslar üçün XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə ətraflı müzakirələr aparmaq üçün mühüm fürsətdir.

Bu barədə noyabrın 2-də Azərbaycan Dövlət Musiqili Teatrında V Bakı Beynəlxalq Teatr Konfransına həsr olunmuş mətbuat konfransında məlumat verildi.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov diqqətə çatdırdı ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən təşkil olunur. Tədbir Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir.

Qeyd edildi ki, ənənəvi olaraq budəfəki konfransın da proqramına tanınmış teatr sənətçilərinin ustad dərsləri, seminarları daxildir. Rusiyalı mütəxəssis Lidiya Kopinanın “Fiziki teatr” (4 noyabr, Dövlət Rus Dram Teatrı), Fransada yaşayan soydaşımız Emil Səlimovun “Yeni teatr üslubu” (7 noyabr, Azərbaycan Dövlət Musiqili Teatrı) ustad dərsləri, eləcə də İvet Hardinin (Cənubi Afrika Respublikası) “ASSİTEJ dünyasında yeniliklər” (7 noyabr, Gənc Tamaşaçılar Teatrı) və Mişel Vaysın (Kanada) “Teatr tənqidi problemləri” (7 noyabr, Akademik Milli Dram Teatrı) mövzusunda seminarları teatr sənətçiləri və teatrşünaslar üçün maraqlı təcrübə və fikir mübadiləsi imkanıdır.

V Bakı Beynəlxalq Teatr Konfransı Təşkilat komitəsinin icraçı katibi, nazirliyin Teatr sektorunun müdiri Şaiq Səfərov diqqətə çatdırdı ki, teatr sənətinin inkişafı ilə bağlı Dövlət Proqramında bu sahənin gələcək perspektivləri, o cümlədən rejissor və aktyor sənətinin inkişafı, yeni, keyfiyyətli tamaşaların hazırlanması, Azərbaycan teatrının xaricdə təmsil olunması, məşhur teatr mütəxəssislərinin ölkəmizdə treninqlərinin keçirilməsi, teatr sahəsi üzrə festival və beynəlxalq tədbirlərin reallaşması və s. kimi tədbirlər əksini tapıb. Ötən dövr ərzində bu istiqamətdə mühüm işlər görülüb.

Bildirildi ki, Azərbaycanda teatr sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı dünyanın bir çox ölkəsində yoxdur. Bu gün inkişaf etmiş ölkələrdə belə teatrlarda müəyyən böhran halları müşahidə olunur.

Teatr konfransına marağın artdığını deyən Şaiq Səfərov qeyd etdi ki, 2010-cu ildə ilk konfrans keçiriləndə cəmi 10 ölkədən 60 teatr mütəxəssisi iştirak edirdisə, hazırda iştirakçı ölkə sayı qat-qat çoxdur. Bakı konfransı dünyanın ən nüfuzlu teatr tədbirlərindən hesab olunur. Bakı konfransından sonra dünyanın bir sıra teatr mütəxəssisləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış oldular və sevindirici haldır ki, konfrans çərçivəsində Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasını izlədikdən sonra incəsənət sahəsi üzrə bir Böyük Britaniya və iki ABŞ universiteti bu əsəri öz tədris planlarına daxil etdilər.

Diqqətə çatdırıldı ki, Bakı Beynəlxalq Teatr Konfransı paytaxtımızı dünyanın teatr mərkəzlərindən birinə çevirib. MDB məkanında isə bu səviyyəli teatr hadisəsi yoxdur. Təşkilat komitəsi konfransın proqramının təkmilləşdirilməsi, mövzuların aktuallığı və nüfuzunun artırılmasına xüsusi önəm verib.

Vurğulandı ki, qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara cavab axtarmaq üçün bu konfrans əlamətdar imkandır. Yaponiyadan Meksikaya kimi tədbirə qatılan teatr mütəxəssisləri öz məruzələrində bu məsələlərə münasibət bildirəcəklər.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

LALƏ