Bilik Fondunun tələbə dərnəyi Şamaxıda tamaşa göstərib
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən tədbirdə Bilik Fondunun “Mizan” tələbə dərnəyinin rəhbəri, Xalq artisti Məmməd Səfa (Qasımov) “Klassik əsərlərin səhnə həlli” mövzusunda mühazirə söyləyib. Mühazirəçi teatrın sintetik sənət növü sayıldığı üçün müxtəlif ifadə vasitələrinə malik olduğunu diqqətə çatdırıb. O, dərnəyin fəaliyyətindən söz açıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecin tələbələrinin teatr sənətinə vurğunluqlarından danışıb və kollektivin səhnələşdirdiyi tamaşalardan bəhs edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr və kino fakültəsinin dekanı Ellada Hüseynova çıxışında dövlətin teatr və kino sənətinə göstərdiyi diqqət və qayğısından bəhs edib.
Tədbirin bədii hissəsində ADMİU-nun 3-cü kurs tələbələrinin iştirakı, Xalq artisti Məmməd Səfanın rəhbərliyi ilə Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərilib.
Tamaşa alqışlarla qarşılanıb. Bədii hissədən sonra qonaqlar Şamaxı qəbiristanlığında böyük şairlər Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət ediblər.