Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub. Təqdimatda rəsmi şəxslər, səfirlər, elm və mədəniyyət adamları iştirak ediblər.
Əvvəlcə Azərbaycanla bağlı sənədli film nümayiş olunub.
TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun tarixi, ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən hazırlanan nəşrlər dövlətçilik tariximizin, o cümlədən mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin tanıdılması, gələcək nəsillərin məlumatlandırılması baxımından dəyərli vəsaitdir.
Natiqlər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunmasını ölkəmizdə möhkəm təməl üzərində formalaşan dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndiriblər.
Çıxışlarda, həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinə dair əsərlərin hazırlanması və beynəlxalq aləmə çatdırılması istiqamətində həyata keçirilən böyük layihələrin nəticələrindən danışılıb.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.
Sonra tədbir panellər üzrə davam etdirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan nəşrlər və görülən digər işlər barədə ətraflı məlumat verib.
Tədbir Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı olub.