ABŞ-ın ən böyük şəhərlərindən olan, ölkənin təhsil mərkəzlərindən biri kimi tanınan Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.
Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan bayrağın 100 il öncə Cümhuriyyət qurucuları tərəfindən ucaldıldığını diqqətə çatdırıb.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra üçrəngli bayrağın yenidən dövlət rəmzinə çevrildiyini vurğulayan diplomat ölkəmizin müasir inkişafından, bu sahədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdən bəhs edib.
Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu tədbirin Azərbaycan Prezidentinin innovasiya siyasətinin uğurunun göstəricisi olduğunu deyib.
Daha sonra Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlardan danışıb.
Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.