9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Dənizkənarı Bulvar İdarəsinin Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə söhbət açılıb. Bulvar İdarəsinin Aparat rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar məruzələrlə çıxış ediblər.
Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən konsertlə başa çatıb. Konfransın təşkilatçıları maraqlı proqrama görə məktəb rəhbərliyinə minnətdarlıq ediblər.
* * *
Dövlət Bayrağı Gününə həsr edilmiş daha bir tədbir “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Milli Kitabxanada keçirilib.
Tədbir qurumun QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində reallaşıb.
İctimai birliyin sədri Aygün Zamanlı, istefada olan polkovniklər Arif Əliyev və Hamlet İsmayılov tədbirdə çıxış ediblər. Gənclərin tariximizi dərindən bilməsinin vacibliyini söyləyən çıxışçılar 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlardan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs ediblər.
Tədbirdə paytaxtın Nərimanov rayonu 45 və 212 nömrəli məktəblərin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.