Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində müxtəlif ölkələrdən gəlmiş sənət adamlarının ustad dərsləri xoş ənənəyə çevrilib. Bu dəfə həmin məqsədlə dəvət olunanlar arasında beynəlxalq teatr cameəsinin reformator kimi qəbul etdiyi, teatr bilikləri tədrisində xüsusi metodun (“Səlimov metodu”) müəllifi, amma vətənində geniş tanınmayan Emil Səlimov da vardı. Budəfəki konfrans fürsət verdi ki, məşhur soydaşımızı biz də yaxından tanıyaq.

Uzun illərdən bəri Fransada yaşayıb çalışan rejissor, prodüser, pedaqoq, dramaturq Emil Səlimov noyabrın 7-də Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarına ustad dərsi verdi.

Ustad dərsindən öncə çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev “Səlimov metodu. Korpus hərəkətdə” təlim kursu barədə qısa məlumat verdi və müəllifi təqdim etdi. Ustad dərsində teatrın həm balet truppası, həm xor artistləri, həm də solistlər iştirak edirdilər.

Emil Səlimov öz metodu barədə məlumat verərək onu “hərəkətli teatr” kimi səciyyələndirdi. O, dərsə başlamazdan əvvəl iştirakçılarla şərt kəsdi: “Mənim verdiyim tapşırığı yerinə yetirəcəksiniz. Təklif etdiyim situasiyaya reaksiyanı oynayacaqsınız. Mənə bunu niyə belə edirik kimi suallar verməyəcəksiniz. Mən də sizinlə astadan, demək olar ki, pıçıltı ilə danışacağam ki, dərs boyu sizin emosional gərginliyiniz azalmasın, həm də fikriniz yalnız məndə olsun”.

Beləcə, E.Səlimovun “bu tamaşanı sonsuzluğadək oynamaq olar” kimi təklif etdiyi  improvizə tamaşa başlayır. Gənclərə “meşəyə gəzməyə çıxmış bir dəstə dostun macəraları”nı oynamaq təklif edilib. Qızlardan biri müəllimin tapşırığı ilə yol üstündə “kirpi” görür. Dostlar kirpiyə heyranlıqla tamaşa edib başlarını sola çevirəndə ağacdakı dələyə gözləri sataşır. İnsana xətər toxundurmayacaq sevimli meşə heyvanlarından sonra dəstə çətinliyə düşür. Onlara hücum edən canavarlar qızlardan birini parçalayır, dəstə yırtıcı quşlarla mübarizə aparmalı, dərəyə yıxılmış dostlarına kömək etməlidir, hətta mifik məxluqlarla – əjdahalarla qarşılaşır. Canavarların parçaladığı qızın başına gələn əhvalatı saymasaq, dostlar əjdahaları  da məhv edib bütün çətinlikləri dəf edə bilirlər.

Bir neçə cümlədə improvizə tamaşanın hər bir detalı dəfələrlə incələnir, Emil Səlimov bəyənənədək təkrarlanır. Onlar xoşbəxtliyi, qorxunu, kədəri, yuxudan hövlnak oyanmağı minimum söz, maksimum hərəkətlə çatdırmalıdırlar. Təbii ki, çox ciddi və tələbkar pedaqoqun gözündən heç nə yayınmır.

“...Uşaqlar, qızın qollarından çox bərk dartmayın. Siz onu döşəmədə sürüyəndə hərəkətiniz onu incidə bilər”...

“Canavarlar, niyə donub qaldınız? Tez roldan çıxın. Siz artıq kütləvi səhnənin iştirakçısısınız”.

“Mənə vokal ağı yox, plastik ağı lazımdır. Çiyinlərinizi silkələməklə, başınızı yırğalayıb üzünüzə kədər ifadəsi verməklə rəfiqənizin itkisindən təsirləndiyinizi ifadə edin”.

“Xanım qız, belə uzanmaq olmaz. Siz günəş vannası qəbul etmirsiniz, dərəyə yıxılmısınız!”.

Beləcə, on dəqiqəlik fasilə ilə gənclik coşqusu, öyrətmək yanğısı hopmuş təxminən iki saat sürən dərs başa çatır. Elə dərsarası bir neçə dəfə cavanlardan yorulub-yorulmadığını soruşan Emil Səlimov sonda Musiqili teatrın dərsdə iştirak edən kollektivinə dözümə, onun göstərişlərini həvəslə yerinə yetirdiyinə görə təşəkkür edir. Onlar da məmnunluqlarını alqışla bildirirlər. Teatrın direktoru Əliqismət Lalayev və Emil Səlimov bu ilk təcrübənin hər iki tərəf üçün gələcək əməkdaşlıq baxımından faydalı olacağını ifadə edirlər.   

Hər kəs yerini alandan sonra ustad kimin sualı var deyə, həm iştirakçılara, həm də ustad dərsini seyrçi qismində seyr edən hər kəsə üzünü tutur. Təbii ki, bu dəfə də hər kəsdən çox jurnalistlərin sualı var. Vaxt məhdudluğuna baxmayaraq, fransalı məşhur soydaşımız kimsənin sualını cavabsız qoymur, amma bu barədə növbəti yazıda.

G.MİRMƏMMƏD