Azərbaycan Milli İncəsənət Muzeyində “Carlsberg Azerbaijan” şirkətinin təşəbbüsü ilə “Portrait now! 2019” müsabiqəsinin təqdimatı olub.

Muzeyin İnnovasiyalar şöbəsinin müdiri Səbinə Ağamirova bildirib ki, “Carlsberg” şirkəti dünyada təkcə pivə istehsalçısı kimi məşhur deyil, həmçinin incəsənətə böyük önəm verən təşkilat kimi tanınır.

“Carlsberg Azerbaijan” şirkətinin nümayəndəsi diqqətə çatdırıb ki, “Portrait Now! 2019” Carlsberg Fondunun Frederiksborq Qəsri – Milli Tarix Muzeyində (Danimarka) ənənəvi olaraq keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına beynəlxalq müsabiqədir. 7-ci dəfə təşkil olunan müsabiqənin Şərqi Avropadakı seçim mərhələsinə Azərbaycandan da müəlliflər qatıla bilərlər.

İstedadlı azərbaycanlı rəssamların dəstəklənməsi üçün “Carlsberg Azerbaijan” müsabiqə çərçivəsində “From Waste to Art eko” nominasiyasını təsis etmək qərarına gəlib. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com saytında qeydiyyatdan keçirməlidir.

Xalq rəssamı Arif Hüseynov belə bir təşəbbüsü müsbət  qiymətləndirərək fırça ustalarının müsabiqədə həvəslə iştirak edəcəyini bildirib.

LALƏ